Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi.
== Əsasnaməsi ==
Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi.
=== Döş nişanı ===
Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir:
"Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir.
"Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.