İzopropilbenzol
Kumol (izopropilbenzol, 2-fenilpropan, bəzi xarici dillərdə - kumin) – aromatik üzvi birləşmə, rəngsiz yanıcı maye, rasional kimyəvi formulu C6H5CH(CH3)2.
Motor yanacaqlarına oktan ədədinin artırılması üçün əlavə kimi, üzvi sintezdə aseton və fenolun alınmasında və həlledici kimi tətbiq olunur.
Kanserogen olduğu mümkündür.
== Tarixi ==
Kumol ilk dəfə olaraq, 1840-cı ildə qara zirə bitkisinin (bitkinin latınca adı - Cumin cyminum) toxumlarından alınmış və əvvəlcə “kumin” adlandırılmışdır. Yalnız sonradan alman kimyaçısı Yustus fon Libix maddəyə “kumol” adını təklif edir. Maddənin tarixi adı olan “kumin” bəzi avropa ölkələrində hələ də qorunub saxlanılır.
== Fiziki xassələri ==
Normal şəraitdə kəskin aromatik qoxusu olan rəngsiz, yanıcı mayedir, iyinin havada insan tərəfindən hiss edilməsi həddi 0,04—6,4 мг/м3 - dir. Praktiki olaraq suda həll olmur (həll olması 0,01%-dən kiçik), bütün nisbətlərdə etil spirti, efir, benzol və digər üzvi həlledicilərlə qarışır. Ərimə temperaturu −96 °C, qaynama temperaturu 152,4 °C-dir.
== Kimyəvi xassələri ==
Kimyəvi xassələrinə görə toluola bənzəyir: Benzol nüvəsində və yan zəncirdə yerləşən hidrogenin hesabına əvəzetmə reaksiyasına daxil olur, toluolda olduğu kimi, kaliumpermanqanatın qələvidə məhlulu ilə oksidləşdikdə kalium benzoat alınır.