Kazımağa Kərimov
Kazımağa Kərimov (1 sentyabr 1951, Qubadlı – 15 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.
Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.