Knidli Afrodita
Knidli Afrodita (yun. Κνίδια Αφροδίτη Πραξιτέλη) – Qədim Yunanıstan heykəltaraşı Afinalı Praksitelin (e.ə. IV əsr) ən məşhur əsərlərindən biridir. Açıq qasığını sağ əli ilə örtdüyünə görə əsər və onun kopyaları bəzən "Venera Paduika" (Təvazökar Venera) da adlandırılır. "Venera Paduika"nın ən məşhur variantları (əli ilə döşlərini örtmüş vəziyyətdə) Mediçi Venerası və Kapitoli Venerasıdır.
== Orijinal heykəl ==
Heykəl, gözəlliyi ilə məşhurluq qazanmışdır. O, hər tərəfdən eyni dərəcədə gözəl görünməklə yanaşı, çılpaq qadın bədəninin həyati ölçüdə təsvir edildiyi ilk heykəldir. Əsər, məbəd üçün kult heykəli kimi sifariş edildiyinə görə, bu xüsusiyyətlər çox təəccübləndirici idi. Əsərdə təmizliyini (bakirəlik kimi başa düşülməməlidir) bərpa etmək üçün hamam ritualına hazırlaşan, bir əli ilə geyimini atan, digər əli ilə isə utancaqlıqla qasığını gizlədən ilahə Afrodita təsvir edilib. Onun hərəkət vəziyyətində təsvir edilmiş əlləri bir tərəfdən obrazın qadınlığını müdafiə etsə də, digər tərəfdən onun çılpaqlığına diqqət çəkir.