Bakı Birləşmiş Komandirlər Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir.
Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi.
== Erkən tarixi ==
Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır.
Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.
Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi.
1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.