Konstantinopol
Konstantinopol vəya Qüstəntiniyyə (yunan dilində: Κωνσταντινούπολις, Konstantinupolis, latın dilində: Constantinopolis, Osmanlı türkcəsində: Kostantiniyye) indiki İstanbul şəhərinin köhnə adı. 1930-cu ildə əksər qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi şəhərin adını dəyişərək rəsmən İstanbul adlandırmışdır.
== Tarixi ==
İstanbul ərazisində yunanların indiki dörd koloniyası mövcud idi. Bunlardan ikisi Asiya qitəsində, ikisi isə Avropa qitəsində yerləşirdi. Asiyadakı koloniyalar Xalkedon (yunan dilində: Χαλκηδών, türk dilində: Kadıköy) və Skutari (yunan dilində: Σκουτάρι, türk dilində: Üsküdar) bölgələrində yerləşmişdi. Avropadakılar isə İasonion (yunan dilində: Ἰάσωνιον, türk dilində: Beşiktaş) və Bizantion (yunan dilində: Βυζάντιον, latın dilində: BYZANTIVM, Bizantium) adlanırdı.
IV əsrin əvvəllərində Roma İmperatoru I Konstantin paytaxt kimi Nikomediya şəhərindən razı qalmadığı üçün Bizantion koloniyasının yerində yeni paytaxt şəhərinin salınması barədə göstəriş vermişdir. 330-cu ildə şəhərin rəsmi açılışı olmuşdur. Banisinin şərəfinə Konstantinopol adlanan bu şəhər 330–395-ci illərdə Roma İmperiyasının, 395–1204 və 1261–1453-cü illərdə Bizans və ya Şərqi Roma İmperiyasının, 1204–1261-ci illərdə səlibçilər tərəfindən qurulmuş Latın İmperiyasının, 1453–1922-ci illərdə isə Osmanlı dövlətinin paytaxtı olmuşdur.
Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə — IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.