Əli Həsənov (prezident köməkçisi)
Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, tarixçi, politoloq, I dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri (2005–2019), Geostrategiya elmi jurnalının baş redaktoru.
== Həyatı ==
Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.
1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub.
Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir.