Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır.
Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir.
Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir.Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir. Qarşı tərəfin memarlıq bölgüsü də buna oxşardır.