Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir.
Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür.
Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.