Məhəmmədxan bəy Hacılı-Cavanşir
Məhəmmədxan bəy Səlif bəy oğlu Hacılı-Cavanşir (?-16 iyul 1797) — Cavanşir-Dizaq mahalının naibi, Şuşa qalasının qalabəyi, Mirzə Camal Cavanşirin atası.
Məhəmmədxan bəy Hacılı-Cavanşir Səlif bəy Cavanşirin oğludur. Tayfa mənsubiyyəti baxımından Cavanşir tayfasının Hacılı oymağına mənsub olmuşdur. Məhəmmədxan bəy Səlif bəy oğlu İbrahimxəlil xanın hakimiyyəti dönəmində 1777-ci ildən 1794-cü ilə qədər Cavanşir-Dizaq mahalının naibi olmuş, 1794-1797-ci illərdə Şuşa qalasının komеndantı (qalabəyi, kutvalı) kimi xidmət etmişdir.. Onun vəzifəsinə şəhərin sutka ərzində bütün əmin-amanlığı daxil idi. Vicdanlı adam olduğundan, rüşvət almadığından oğru-əyri adamların əl-qolunu döşünə yığmışdı. Hətta xanın bеlə toxunmadığı dağıstanlılar Məhəmmədxan bəyi görəndə özlərini yığışdırırdılar. Kirvəsi, XVIII yüzilin adlı şairlərindən olan Ağqız oğlu Piri qoşqularında Məhəmmədxan bəyi öymüşdü. Öygünün səbəblərindən biri günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır.