Pənahi Makulu
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı.
Pənahi Makuli 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir.
Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir.
Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur.