Məkanın melodiyası (film, 2004)
80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.
Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir.