Metexi kilsəsi
Metexi kilsəsi – Tbilisi şəhərində yerləşən və Tanrı anasının vəfatına ithaf edilmiş Gürcü pravoslav kilsəsidir. Kilsə, Metexi rayonu ərazisində, Kür çayı sahilindəki sıldırım qayanın üstündə yerləşir. Metexi kilsəsi Tbilisi şəhərinin əsas vizit kartlarından biri hesab olunur.
Ehtimal edilir ki, bu ərazidə ilk kilsə çoxsaylı tikintilər aparması ilə məşhur olan çar Vaxtanq Qorasalının (V əsr) hakimiyyəti dövründə inşa edilmiş, kilsə yaxınlığında isə çarın sarayı olmuşdur. Müqəddəs Şuşanik (təxm 432-ci ildə vəfat edib) bu kilsədə dəfn edilmişdir. Onun külü, yepiskop Kirionun göstərişi ilə VII əsrdə Kolagir kəndindən Metexi kilsəsinə köçürülmüşdür.
Yazılı mənbələrdə kilsə haqqında ilk məlumat XII əsrdə verilir. Həmin dövrdə kilsə ərazisinin qala divarları ilə möhkəmləndirildiyi, yaxınlıqda isə çar sarayının olması bildirilir. Çariça Böyük Tamaranın (1195) bu kilsədə ibadət etməsi haqqında da məlumat vardır.
1235-ci ildə monqolların Qafqaza yürüşü zamanı məbəd dağıdılır, lakin, 1278-1289-cu illərdə II Demetrenin hakimiyyəti dövründə kilsə yenidən bərpa edilmiş və həmin görünüşü ilə də dövrümüzə çatmışdır.