Azad Mirzəcanzadə
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik.
== Həyatı ==
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.
== Elmi və pedaqoji fəaliyyətləri ==
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.
1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir.