Mollalar Əşrəf
Əşrəf Məmməd oğlu Abbasov və ya təxəllüsü ilə Mollalar Əşrəf (29 noyabr 1936, Karrar, Kürdəmir rayonu – 1 oktyabr 2005, Bakı) — Azərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi.
Azərbaycan mətbuatında və Sibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir. Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent və 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.
Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub.
2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib.
"Əmək veteranı" medalı laureatıdır.