Vasif Muradzadə
Vasif Almas oğlu Muradzadə — psixologiya üzrə fəlsəfə doktoru, dosent.
Vasif Almas oğlu Muradzadə 1964-cü il aprelin 8-də Xaçmaz rayonunun Çiləgir kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. I kursu bitirdikdən sonra, 1983-1985-ci ilərdə könüllü olaraq hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub, təhsilini davam etdirərək 1988-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1990-cı illərdə təyinatla Xaçmaz şəhər 3 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, komsomol təşkilat katibi işləmişdir. 1990-1991-cı illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş Psixologiya kursunda oxumuş və həmin kursu “Praktik-psixoloq” ixtisası ilə bitirmişdir.
1991-1995-ci illərdə Xaçmaz rayon Təhsil Şöbəsində Psixoloq-metodist işləmiş, ictimai əsaslarla hərbi işlər üzrə inspektor vəzifəsini icra etmiş, eyni zamanda yarım stavka dərs demişdir. Həmin illərdə Azərbaycan İstedad Assosiasiyasının fəal üzvlərindən olmuş və respublikanın orta məktəblərində istedadlı gənclərin üzə çıxardılmasında yaxından iştirak etmişdir.
1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında baş laborant, tam ştatla müəllim, tədris şöbəsinin metodisti, ictimai əsaslarla dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.