Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi.
== Həyatı ==
S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir.
1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür.
1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.