Möcüzəgöstərən Qriqori
Qriqori Tavmaturq (213, Niksar[d], Toqat ili – 270, Niksar[d], Toqat ili) — xristian dünyasının məşhur ilahiyyatçılarından biri.
== Həyatı ==
Məşhur xristian müqəddəslərindən olan Qriqori Tavmaturq 213-cü ildə Roma İmperiyasının Neokesareya (müasir Türkiyədə Niksar şəhəri) şəhərində doğulmuşdur. Onun bütpərəst ailəsində böyüdüyü salnaməçilər tərəfindən nəql edilmişdir. Yeniyetmə yaşlarında atasını itirmişdir. Öz dövrünə görə standart təhsil almış, anasının istəyinə əsasən, ritor (natiq) sənətinə yiyələnsə də, bundan tamah məqsədilə istifadə etməmişdir. Latın dili müəlliminin təsirinə düşərək fəlsəfə məktəbinə daxil olmaqdan imtina etmiş və hüquqşünaslıqla məşğul olmuşdur. Qardaşı ilə birgə Beyrut şəhərinə yollanaraq, orada digər məşhur ilahiyyatçı Origenlə tanış olmuşdur. Onun təsiri altında xristianlığı qəbul etmiş, nəticədə də bütün həyat tərzini dəyişmək qərarına gəlmiş və onun tələbəsi olmuşdur.
Origenin yanında beş il təhsil alan Qriqori antik və xristian fəlsəfəsinin əsaslarını öyrənmiş, bu barədə biliklərini möhkəmləndirmişdir. Daha sonra vətəninə qayıtmış, burada da elmi məlumatlarını zənginləşdirməklə məşğul olmuşdur.