Məmməd Mövsümzadə
Məmməd Mirzə oğlu Mövsümzadə (25 dekabr 1908, Bakı – 7 dekabr 1984, Bakı) — kimya elmləri doktoru (1946), professor (1947), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1967).
Məmməd Mövsümzadə 1908-ci il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olub. O, 1915-ci ildə Bakıda 10 saylı birinci dərəcəli məktəbin birinci sinifinə gedib və 1925-ci ildə 12 saylı ikinci dərəcəli məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra o, elə həmin il Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təbiətşünaslıq bölməsinə qəbul olunub və 1930-cu ildə universiteti bitirib.
Məmməd Mövsümzadə 1939-1948-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsində dekan vəzifəsində çalışıb. O, 1940-1960-cı illərdə Azərbaycan Tibb Universitetinin Üzvi kimya kafedrasında dosent, professor, kafedra müdiri vəzifələrini icra edib. 1947-1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi kimya kafedrasında professor, kafedra müdiri vəzifələrində çalışıb.
Məmməd Mövsümzadə 1941-1945 ci illərin Böyük Vətən müharibəsi dövründə Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi sahəsində məhsuldar işləyib. Müharibə başa çatan ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Məmməd Mövsümzadə neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə edərək kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olub.