Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı — Efiopiya–Eritreya müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi məsləhətçilərinin, həm Eritreya Silahlı Qüvvələri, həm də Efiopiya Silahlı Qüvvələrinin tabeliyində olan ukraynalı muzdluların fəaliyyəti .
1998-ci ilin mayında Eritreya ilə Efiopiya arasında ərazi mübahisəsi zəminində silahlı münaqişə baş tutmuşdur. Qarşıdurma həm də etnik mənbəyə malik idi. Toqquşmalar sərhəddəki insidentdən sonra başlamış, ardınca Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray və Afar vilayətlərinin ərazisinə daxil olmuşdu.
Rusiya ordusuna güvənən efiopiyalılardan fərqli olaraq, eritreyalılar Ukraynanın hərbi-texniki dəstəyinə müraciət etmişdilər. Artıq yayda Kiyev–Əsməra hava körpüsü təşkil edilmişdi.
Elə həmin il bir qrup eritreyalı pilot Ukraynanın təlim mərkəzlərində yeni avadanlıqlar üçün sürətləndirilmiş yenidən hazırlıq kursu keçmişdi. Ukrayna və Bolqarıstan texniki işçiləri Eritreya Hərbi Hava Qüvvələrinə xidmət etmək üçün ölkəyə gəlmişdilər. Ukraynalılar təlimatçı pilot kimi də fəaliyyət göstərirdilər. Eyni zamanda, üçüncü dövlətlər tərəfindən Eritreyaya verilən silah və hərbi texnikanın daşınması ilə də məşğul olurdular.