Azərbaycan–Gürcüstan müqavilələri (1918–20)
Azərbaycan-Gürcüstan müqavilələri – Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələri üzrə 1918–20 illərdə bağlanmış müqavilələr.
Cənubi Qafqaz 100 ildən artıq Rusiya imperiyası tərkibində vahid iqtisadi məkanda olduğundan, Azərbaycan və Gürcüstan müstəqillik qazandıqdan dərhal sonra iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. 1918-ci il iyunun 4-də Batumidə Azərbaycan, Gürcüstan və Osmanlı hökumət nümayəndələri Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzaladılar. Həmin gün Batumidə həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər.
1918-ci il iyunun 21-də Gürcüstan hökumətinin sədri N. Ramişvili keçmiş Zaqafqaziya hökumətinin əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arbitraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün.
1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı.