Məmmədəli Müsəddiq
Məmmədəli Müsəddiq Hüseyn oğlu (21 mart 1922-?) — tanınmış şərqşünas, tarixçi və filoloq.
Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş. M. Xiyabaninin sədaqətli silahdaşlarından idi.
Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş. M. Xiyabani 1917–1920-ci illər hərəkatına qədər 1905–1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917–1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M. C. Pişəvəri yazırdı: "Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş… Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi.