Yana Yapon Müxbiri
"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu.
== Tarixi ==
"Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır.
Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.