Məsiağa Məhəmmədi
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.
2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur.
1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.