Yəhudi məsələsində son həll
Son həll (alm. Endlösung) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır.
Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi.
== Arxa plan ==
"Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır.
Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.