Xocavənd rayonunda kütləvi məzarlıqlar
Xocavənd rayonunda kütləvi məzarlıqlar — Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan hərbçilərinə aid olan, 2022-ci ildə Xocavənd rayonu ərazisinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nəzarətinə qaytarılan hissəsində aşkar edilmiş kütləvi məzarlıqlar. Azərbaycan hakimiyyətinin məlumatına görə, məzarlarda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən edam edildiyi iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilmişdir. Dəfnlər şahidlərin ifadəsi əsasında və ya qazıntı və təmir-tikinti işləri zamanı aşkar edilmişdir. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları aşkar edilmişdir. Onların kəllə sümüklərindəki güllə izləri güllələndiklərini təsdiq edirdi.
Xocavənd rayonunda ilk kütləvi məzarlıq 2022-ci ildə, fevralın sonunda Edilli kəndində aşkar edilmişdir. Onun yeri Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən toplanmış bəyanatlar və materiallar əsasında müəyyən edilmişdir. Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılovun verdiyi məlumata görə, aparılan işlər zamanı kütləvi məzarlıqda 15–20 nəfərin qalıqları aşkar edilmişdir. İsmayılovun sözlərinə görə, ərazilər minalardan təmizlənərkən aşkarlanması planlaşdırılan digər kütləvi məzarlıqlar barədə də Dövlət Komissiyasında məlumat var.
2022-ci il oktyabrın əvvəlində Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi-məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova bildirmişdir ki, Edilli kəndində azərbaycanlı hərbçilərin qalıqlardan ibarət 3 kütləvi məzarlıq aşkar edilmişdir.