Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı.
2013-2024-cü illərdə Mədəniyyət Mərkəzinin direktoru Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” Samir Abbasov olub.
Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyır və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda Heydər Əliyev küçəsində yerləşir və Mərkəzin 3 mərtəbəli möhtəşəm, Azərbaycan milli koloritlərini özündə əks etdirən binası mövcuddur.
Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir.
Bu kurslar Özbəkistandakı azərbaycanlılar üçün bir məktəb funksiyasını da həyata keçirir. Burada Azərbaycan dili, Azərbaycan tarixi, milli rəqslər, rəsm, əl işləri, milli musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir.
Özbəkistanda yaşayan azərbaycanlılar üçün Mədəniyyət Mərkəzi müqəddəs bir ocaqdır və Azərbaycanla bağlı keçirilən bütün tədbirlər məhz, Mərkəzin qarşısındakı açıq havada ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayır.
Mərkəz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə qardaş ölkədə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülmüşdür.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən bugünə kimi 100-dən adda Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər Özbək dilinə tərcümə edilmiş və Daşkənddə çap edilmişdir.