Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi.
== Həyatı ==
Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir.
1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.
== Ailəsi ==
Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.