İlqar Niftəliyev
İlqar Vahid oğlu Niftəliyev (26 may 1972) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru.
== Həyatı ==
İlqar Niftəliyev 1972-ci il mayın 26-da anadan olmuşdur. O, 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.
İlqar Niftəliyev 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir. O, 2003-2006-cı illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdı.
İ.V.Niftəliyev 2007-ci ildə “Azərbaycan SSR-ə qarşı ermənilərin ekspansiya planlarının həyata keçirilməsi (XX əsrin 20-ci illərinin birinci yarısı)” adlı dissertasiya işi müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
İlqar Niftəliyev 2015-2017-ci illər ərzində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin, 2017-2023-cü illərdə isə "Azərbaycanın Sovet dövrü tarixi"şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, AMEA Tarix İnstitutu Elmi Şurasının üzvüdür, 2005-ci ildən 2016-cı ilədək Tarix İnstitutunun Gənc alimlər və mütəxəssislər Şurasının sədri olmuşdur. Hazırda, İlqar Niftəliyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun İcraçı direktoru vəzifəsində çalışır. İlqar Niftəliyevin elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın müasir dövr tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir.