Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant.
== Həyatı ==
Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.
1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.
2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.
2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.