Nizaminin portreti
"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıqovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur..
Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir.
== Tarixi ==
1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi."
Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir.