Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
== Həyatı ==
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
== Yaradıcılığı ==
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev.
== Fərdi sərgiləri ==
1984 — "100 illüstrasiya", Baku-Moskva
2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya
2009 — Galerie Berlin-Baku, Berlin
2012 — "Azərbaycan Nağılı" Bakı
2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı
== Qrup sərgiləri ==
1977 — "BAM" sərgisi, Bakı-Moskva;
1980 — Qrafika sərgisi, Bakı
1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa
1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi
2007 — Çank Art, Ankara
2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı
== Mükafatları ==
1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı
1995 — Sənət uğurlarına görə "Humay" mükafatı
2006 — Azərbaycan Respublikasının xalq rəssamı
2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
== Ədəbiyyat ==
Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012.
== İstinadlar ==
== Xarici keçidlər ==
Visions.az, Illustrating Life — Azerbaijani Artist Arif Huseynov.