Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009–2021), Filologiya elmləri doktoru, professor.
Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra — 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.
Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.
12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.