Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi.
== Ərazilər haqqında ümumi məlumat ==
12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar:
Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.