Ehtimal nəzəriyyəsinin tarixi
Ehtimal nəzəriyyəsinin tarixi bir çox unikal xüsusiyyətlərə malikdir. Əvvəla, onunla təxminən eyni vaxtda meydana çıxan riyaziyyatın digər sahələrindən (məsələn, riyazi analiz və ya analitik həndəsə) fərqli olaraq, ehtimal nəzəriyyəsinin mahiyyət etibarilə hər hansısa antik və ya orta əsr sələfləri olmamışdır; bu, biləvasitə Yeni dövrdə meydana gəlmişdir. Uzun müddət ehtimal nəzəriyyəsi sırf eksperimental elm və “tamamilə qeyri-riyaziyyat” hesab olunurdu. Onun ciddi əsaslandırılması yalnız 1929-cu ildə, yəni çoxluqlar nəzəriyyəsinin aksiomatikasından (1922) daha gec işlənmişdir. İndiki vaxtda ehtimal nəzəriyyəsi tətbiq sahəsinin genişliyinə görə tətbiqi elmlərdə ilk yerlərdən birini tutur; “demək olar ki, heç elə bir təbiət elmi yoxdur ki, orada ehtimal metodlarından bu və ya digər şəkildə istifadə olunmasın”.
Tarixçilər ehtimal nəzəriyyəsinin inkişafında bir neçə dövr ayırırla .
Tarixdəqədərki, XVI əsrə qədər. Qədim dövrlərdə və orta əsrlərdə naturfilosoflar təsadüflərin mənşəyi və onun təbiətdəki rolu haqqında metafizik mülahizələrlə məhdudlaşırdılar. Bu dövrdə riyaziyyatçılar ehtimal nəzəriyyəsi ilə bağlı məsələləri nəzərdən keçirir və bəzən həll edirdilər, lakin hələ ümumi metodlar və tematik anlayışlar meydana çıxmamışdı. Bu dövrün əsas nailiyyəti sonralar ehtimal nəzəriyyəsini yaradanlar üçün faydalı olan kombinator metodlarının inkişafı hesab edilə bilər.