Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər:
tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr;
tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr;
tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr;
torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;
5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır.
Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.