Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər.
İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu.
Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər.
Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.