Pakistanın dövlət quruluşu
Pakistanın dövlət quruluşu - 1973-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Pakistan parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. 1947-ci il 14 avqustda Pakistanın müstəqilliyi elan edilmişdir. 1956-cı il 23 martda Pakistan İslam Respublikası elan edilmişdir. Ölkə Konstitusiyası 1973-cü ildən qüvvədədir.
== İnzibati bölgüsü ==
Pakistan İslam Respublikası 4 əyalətdən ibarətdir: Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri; federal paytaxt vilayəti İslamabad və mərkəzi Hökumət tərəfindən idarə olunan qəbilə zonaları Pakistan İslam Respublikasının ərazisini təşkil edir.
== Dövlət başçısı ==
Ölkədə siyasi hakimiyyət Prezidentin və Hökumətin əlindədir. Ölkə Prezidenti Seçicilər Kollegiyası (tərkibinə Parlamentin hər iki palatasının üzvləri, habelə Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri parlamentlərinin deputatları daxildir) tərəfindən, iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir. Seçildikdən sonra Prezident Parlamentin təşəbbüsü və 2/3 səs çoxluğu ilə yalnız impiçment prosedurası qaydasında vəzifəsindən azad edilə bilər.
Pakistanda Prezident postu ənənəvi olaraq nominal vəzifə sayıldığından ölkədə real hakimiyyət Baş nazirin əlində cəmlənmişdir.