"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.
== Medal haqqında ==
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri təltif edir.
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
== Medalın təsviri ==
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş və 1 mm enində hamar zolaqlarla konturlanmış səkkizguşəli ulduzun üzərində ətrafı 1 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili konturların arasında yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə "AZƏRBAYCAN PROKURORLUĞU" sözləri, aşağı hissədə isə " 100" rəqəmi yazılmışdır.
Yazılarla " 100" rəqəmi arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemdən sol tərəfdə " 1918" , sağ tərəfdə isə " 2018" rəqəmləri yazılmışdır.