Pənahəli xan Sarıcalı-Cavanşir
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır.
Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.