"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal.
== Təltif edilənlər ==
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər.
== Taxılma qaydası ==
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır.
== Medalın ümumi təsviri ==
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir.
Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir.
Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır.
Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir. "10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.