Ziyayi-Qafqaziyyə
"Ziya" (az-əbcəd. ضیاء), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi.
Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.