Üzüklərin hökmdarı: Üzük qardaşlığı (film, 2001)
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsəri əsasında 2001-ci ildə rejissor Piter Ceksonun çəkdiyi film trilogiyasının birinci hissəsidir. Ekranlara 19 dekabr 2001-ci ildə buraxılmışdır.
Film 4 Oskar və 68 digər mükafat və 81 nominasiya qazanmışdı.
2001-ci ildə istehsal olunan film fentezi janrında olan filmlər üçün dönüş nöqtəsi yaratmışdır. 2017-ci ilə qədər ən yaxşı film siyahılarında yer almışdır. 2001-ci ildə ABŞ-nin ikinci ən çox gəlir gətirən fentezi filmi hesab olunmuşdur.
Orta Dünyanın İkinci Dövründə elflərə, qnomlara və insanlara qüvvət üzükləri verilir. Üzüklərdən üçü, varlıqların ən arifi və ən zərifi ölməz elf xalqına, yeddisi mahir mədənçilər, sənətkarlar və dağların dərinliklərində yaşayan qnomlara, doqquzu isə varlıqların ən gücə düşkünü olan insanlara verilmişdi. Bu üzüklər bütün dünyanı mühafizə etmək gücündədir.