Qarışqalar
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.
Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır.