Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi.
Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.