Qoyunlar
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır.
== Qoyun dünya mədəniyyətində ==
=== Məhsuldarlıq rəmzi ===
Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı.
Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.