Qoşundaş
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.
Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar.
Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.
Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər.