Ağabala Quliyevin evi
Ağabala Quliyevin evi - Bakı şəhərində, Murtuza Muxtarov küçəsi, 24 ünvanında yerləşən tarixi bina. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Ağabala Quliyevin evi Bakıda memarlığın milli-romantik yöndə inkişafına böyük təsir göstərmişdir. Binanın memarlıq kompozisiyası üçölçülü əndazəsi sayəsində böyük həcmi üstünlüklərə malikdir, dar küçələrdə yerləşməsinə baxmayaraq, ikimərtəbəli bina perspektivdə uğurlu alınmışdır. Ş.Fiqarov-Fətullayev qeyd edir ki, “Ağabala Quliyevin evinin memarlığının təsiri altında 1898-1901-ci illərdə Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsində i. V. Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin Qızlar məktəbinin binası inşa edilmişdir.” Bina Skibinskinin yaradıcılığında mühüm əhəmiyyət tutmaqla, Azərbaycan milli memarlığının ən yaxşı nümunələrindən biri kimi dəyərləndirilir.
== Tarixi ==
XIX əsrin sonunda demək olar ki, Bakının mərkəzində bütün şəhər məhəllələri tikilmiş, Avropa memarlığının müxtəlif çalarları ilə stilistik istiqamət əmələ gəlmiş, tikintilərdə coşan eklektika və stilizasiya isə modernlə sıxışdırılmağa başlamışdı. Memarlığın dirçəlişi üçün Bakı memarları yeni yollar axtarırdılar. Bakının memarlıq inkişafının birinci dövrü başa çatmaq üzrə idi, yeni sosial-iqtisadi şəraitdə milli-romantik istiqamət özünə dirçəliş yolu açırdı.
Məhz belə bir dövrdə, yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən, Bakının inhisar padşahlarından biri öz ərazisində yerli memarlığın milli ənənələrində ev inşa etdirməyi qərara alır.