Qızılqaya (Göygöl)
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır.
Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.