Vətən Müharibəsi Qəhrəmanları
Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli, 2336 nömrəli Sərəncamına əsasən, 34 nəfər ölümündən sonra olmaqla, 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
"Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülən 83 nəfərdən Sərəncam imzalanan ana görə 2 nəfəri general-leytenant, 6 nəfəri general-mayor, 8 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 17 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir.
"Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülən 83 nəfərdən Sərəncam imzalanan ana görə 37 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Dövlət Sərhəd Xidmətinin, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.
Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin 3 əməkdaşı da "Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin məxfi Sərəncamına əsasən, Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" xüsusi təyinatlı dəstəsinin də bir neçə hərbi qulluqçusu bu medala layiq görülüb.